Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Muzeylər bu gün”

20.05.2019

18 may - Beynəlxalq Muzeylər Günü Yevlax şəhər Tarix-diyarşünaslıq muzeyində qeyd olunub.

Mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur.

Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir.

Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də bütün muzeylərimizdə “açıq qapı” günü elan edilir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Muzey ilk növbədə insan əməyi, zəkası ilə yaradılan gözəllik deməkdir. Qiymətli sənət əsərlərinin məbədi sayılan muzeylərin sələfləri eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaranmışdır. Bunlar əsasən məbədlərin və bəzi şəxslərin kolleksiyaları toplanan muzeyvarı təşkilatlar olmuşdur. Tədricən kolleksiyaların mövzu dairəsi genişlənmiş, elmi, mədəni, tarixi əhəmiyyəti artmışdır. Sonralar bu kolleksiyalar hesabına dünyanın bu gün öz şanı-şöhrəti ilə seçilən bir çox muzeylərinin əsası qoyulmuşdur.Muzeylər keçmişi öyrənərək bu günü anlamağımıza kömək edir.

Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Yevlax şəhər Heydər Əliyev Mərkəzində də Yevlax şəhər Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları ilə birgə “ Muzeylər bu gün” adlı tədbir keçirilib.  Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxış edərək tədbiri açıq elan edib. Bərdə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Yevlax şəhəri üzrə nümayəndə Rafiq Məmmədov, MİHİ-nin sədri Zöhrə Adıgözəlova və Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev çıxış edərək muzey əməkdaşlarını təbrik ediblər. Sonda çıxış edən Yevlax şəhər Tarix-diyarşünaslıq muzeyinin direktoru Kəmalə Mikayılova öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıb.

Tədbirin sonunda MİHİ-nin sədri Zöhrə Adıgözəlova muzey əməkdaşlarına hədiyyələr təqdim edib.

 

433.9 KB

 

517.3 KB

 

263.7 KB