Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Maestro Niyazinin 105-ci ildönümünü silsilə tədbirlərlə yad edir

14.02.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi görkəmli dirijor və bəstəkar SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin 105-ci ildönümünü silsilə tədbirlərlə yad edir.

 

 

Azərbaycan ifaçılıq və musiqi mədəniyyəti tarixində Maestro Niyazinin qoyduğu izlər hər zaman yaşayır. Niyazi Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri kimi fəaliyyət göstərib, böyük musiqiçi ordusu yetişdirib, yüzlərlə bəstəkarın əsərinə nəfəs verib, onların ifasında yaxından iştirak edib. Niyazi yaradıcılığına, şəxsiyyətinə Ulu Öndər Heydər Əliyevin də böyük qayğı və diqqətli olub.

 

Milli dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş dirijorun yüksək sənətkarlığı sayəsində bu əsərlər çoxsaylı dinləyicilər tərəfindən böyük rəğbət və məhəbbətlə qarşılanmışdır. Niyazinin gərgin əməyi nəticəsində yaranmış və uzun illər ərzində onun rəhbərlik etdiyi simfonik musiqi kollektivləri xarici ölkə klassiklərinin və müasir bəstəkarların əsərlərinin də Azərbaycanda uğurla təbliğ olunmasında mühüm rol oynamışdır. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri kimi Niyazinin milli simfonizmin təşəkkülü və inkişafında böyük rolu olmuşdur. Onun opera, balet, simfonik muğam, fortepiano ilə orkestr üçün konsert və mahnıları, dram tamaşalarına və kinofilmlərə bəstələdiyi musiqi məzmun dolğunluğu, güclü emosional təsiri və zəngin melodiyası ilə həmişəlik yaddaşlara həkk olunmuşdur.

 

Müxtəlif illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına və Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik etmiş Niyazinin ictimai fəaliyyəti də çox zəngin olmuşdur.

 

Mədəniyyətimizin inkişafında göstərdiyi şücaətlərə görə görkəmli mədəniyyət xadimi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən bu günlərdə geniş silsilə tədbirlərlə anılır. Bununla bağlı mədəniyyət ocaqlarında, musiqi məktəblərində, klub müəssisələrində, kitabxanalarda Maestro Niyazinin həyat və yaradıcılığından geniş söz açılır, onun bizə qoyduğu mədəni irs təbliğ olunur. Böyük ifaçılıq məktəbinin yetişməsində və simfonizmin inkişafında sənətkarın böyük əməyi diqqətə çatdırılır.

 

Regional İdarənin tabeliyində olan müəssisələr bir-birindən gözəl və rəngarəng tədbirlərlə seçilməyi bacarırlar. Bərdə şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəbləri, 2 və 3 nömrəli şəhər musiqi məktəbləri, həmçinin, Divanlı, Kətəlparaq, Kolayır kənd uşaq musiqi məktəblərinin təşkil etdikləri tədbirlərdə dahi bəstəkar Maestro Niyazinin həyat yolundan və yaradıcılığından ətraflı məlumat verildi, onun mədəniyyət sahəsindəki əvəzsiz rolu diqqətə çatdırıldı. Daha sonra keçirilən tədbirlərin bədii hissəsində məktəbin müəllim və şagirdlərinin ifasında Niyazinin və digər Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət konsert proqramı iştirakçılara təqdim olundu. Bərdə şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəblərində təşkil olunan tədbirlərdə isə tədbir öncəsi sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olundu. Rayon ictimaiyyəti böyük həvəs və maraqla tədbirlərdə iştirak ediridi.

 

Dahi bəstəkar Maestro Niyazinin əziz xatirəsi bu günlərdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyində geniş şəkildə qeyd olunur. Keçirilmiş tədbirlərdən biri Əsgər Həsənov adına Malbinəsi kənd 7 illik uşaq musiqi məktəbində təşkil olundu. İlk öncə tədbir iştirakçılarına Maestro Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Daha sonra isə görkəmli mədəniyyət xadiminin şərəfinə konsert proqramı təqdim olundu.

 

Təşkil olunmuş tədbirlərdən növbətisi Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbində baş tutdu. Görkəmli dirijor, SSRİ Xalq Artisti, maestro Niyazinin 105 illiyi münasibəti ilə keçirilmiş tədbirdə məktəb şagirdləri geniş şəkildə konsert proqramı ilə çıxış etdilər.

 

Bundan başqa Aran qəsəbə uşaq musiqi məktəbi və Aran qəsəbə Mədəniyyət evi ilə birlikdə maraqlı, rəngarəng konsert proqramı təşkil etdi. Tədbirdə mədəniyyət işçiləri, qəsəbə sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediridi.

 

Azərbaycanın görkəmli bəstəkarı və dirijoru Niyazi Zülfüqar oğlu Tağızadənin 105 illiyi ilə əlaqədar olaraq Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində “ Dahi Niyazi Yaradıcılığı ” başlığı altında konsert proqramı təşkil edildi. Tədbir öncəsi bəstəkarın həyat və yaradıcılığından söhbət açıldı, dahi bəstəkar və dirijorun əsərlərindən nümunələr səsləndirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı şəhər ictimaiyyəti də iştirak edirdi.

 

Dahi Niyazinin 105 illik xatirəsi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində də qeyd edildi. Tərtər şəhər uşaq musiqi məktəbində təşkil olunan tədbirdə çıxışlar edilərək musiqi və mədəniyyətimizin inkişafında maestro Niyazinin rolundan söz açıldı. Tədbirin sonunda məktəbli şagirdlər Niyazinin musiqili irsindən nümunələr səsləndirdilər. Tədbirdə rayon ictimaiyyəti yaxından iştirak etdi.

 

39.4 KB