Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 20 yanvar faciəsi ilə bağlı olaraq silsilə tədbirlərə start verdi

19.01.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 20 yanvar faciəsi ilə bağlı olaraq silsilə tədbirlərə start verdi. Qəhrəmanlıq və qan yaddaşımızın unudulmaması üçün təşkil olunan tədbirlər geniş şəkildə keçirilməkdə davam etməkdədir. Bu tədbirlərdən biri 17 yanvar 2017-ci il tarixdə Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaqlara xidmət şöbəsində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq keçirilmiş “20 yanvar faciəsi uşaqların gözü ilə” adı altında rəsm müsabiqəsi idi. 
Tədbirdə “Bərdə ”qəzetinin məsul işçisi Şükufə xanım Əliyeva, şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm müəllimi Rəşad Hüseynov, Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov, Şəhər 1 nömrəli , 3 nömrəli , 5 nömrəli, 7 nömrəli orta məktəbin müəllim və şagird heyəti, həmçinin rayon ictimaiyyəti nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaqlara Xidmət şöbəsinin müdiri Sevda Süleymanova açaraq tədbir iştirakçılarını salamladı. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra S.Süleymanova 20 yanvar faciəsini bir daha yada salaraq qeyd etdi ki, bu faciə Azərbaycan xalqının hüzn və eyni zamanda şərəf günüdür. 27 il öncə xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının hücumuna məruz qalmış, təcavüzə uğramış, günahsız insanlar gülləbəran edilmiş, milli heysiyyətimiz tankların altına atılmışdır. O gün Moskvada matəm saxlayan H.Əlıyevin etiraz səsi bütün dünyaya yayılmışdır. Həmin gün heç kəs başını aşağı əymədi. “Azadlıq!” sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik. İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Bu bizim şəhidlər qarşısında müqəddəs borcumuzdur!.
Sonra çıxış üçün söz jurnalist Şükufə xanım Əliyevaya verildi. O qanlı yanvar faciəsi baş verdiyi 20 yanvar gecəsini necə xatırladığı haqqında danışdı. Həmin gecə keçirdiyi hisslərindən söhbət açaraq söylədi ki, bu hadisələrdə vətənin oğul və qızlarının necə bir qəhrəman olduğunun şahidi oldum. Qürur hissilə deyə bilərəm ki, xalqımız vətəni ücün hər zaman canından keçməyə hazırdır. Sonra o, öz şeirini söylədi.
Daha sonra MKS-nin direktoru Havva xanım Mirzəyeva çıxış edərək 20 yanvar faciəsi xalqımızın tarixində ən qanlı səhifələrindən biri olduğunu söylədi. O, qeyd etdi ki, bu faciə yox, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin ən uca nöqtəsi idi. Bu cür tədbirlərin keçirilməsində məqsəd xalqımızın başına gələn müsibətləri bu günki gənc nəsillərə düzgün olaraq çatdırmaq və onlardan sonra gələn nəsillərə ötürməkdir. 
Söz 5 nömrəli orta məktəbin VI sinif şagirdlərinə verildi. Onlar 20 yanvar faciəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyanı təqdim etdilər. 
Tədbirdə 20 yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilmişdir. Məktəblilər 20 yanvar faciəsinə həsr etdikləri rəsm əsərlərini nümayiş etdirdilər. 1 nömrəli orta məktəbin IX sinif şagirdi Nigar Orucova I yer, Şəhər 3 nömrəli orta məktəbin VII sinif şagirdi Fərid Məcidov II yer, Şəhər 5 nömrəli orta məktəbin VI sinif şagirdi Aytac Hacıyeva III yerə layiq görüldü.

 

35.4 KB