30.05.2019
Bərdə Regional Mədəniyyət İdarəsi tabeliyində olan Tərtər rayon Uşaq musiqi məktəbində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mahir Qədimov açaraq bildirib ki, ailəyə sevinc bəxş edən, varlığı saflıqdan, sadəlikdən yoğrulan uşaqların xoşbəxt, firavan yaşayışı, layiqli bir vətəndaş kimi böyüməsi hər kəsin müqəddəs borcu, həyat amalıdır. Bu gün respublikanın hər bir bölgəsində uşaqların hüquq və sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər görülür, onların təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Bu məqsədlə ümumtəhsil məktəbləri, uşaq musiqi məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, maddi-texniki baza gücləndirilib.
Sonda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.
Tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.