Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Özbəkistanda “Mədəniyyət.Az” jurnalının təqdimatı keçirilib

26.08.2019

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) ölkəmizin Mədəniyyət Nazirliyinin orqanı olan “Mədəniyyət.Az” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dərc olunan “Yaşa, Yaşa Azərbaycan” adlı xüsusi buraxılışının təqdimatı olub.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət, incəsənət, təhsil sahəsində çalışan mütəxəssislər, alimlər, ictimaiyyət nümayəndələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.

Əvvəl Mədəniyyət Mərkəzinin foyesində jurnalın sərgisi keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə fotosərgi iştirakçılara təqdim edilib.

AMM-nin direktoru Samir Abbasov “Mədəniyyət.Az” jurnalının xüsusi buraxılışı haqqında danışıb, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini, bu tarixi hadisə ilə əlaqədar Özbəkistanın paytaxtı Daşkənddə, habelə regionlarda keçirilən bütün tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyəti, onun ideyaları, xalqımızın istiqlal yolunda əldə etdiyi nailiyyətlərin geniş təbliğ olunduğunu qeyd edib. O Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi kimi xalqımızın milli özünüdərk, öz müqəddaratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. O istiqlaliyyət ideyalarının xalqımızın yaddaşından heç vaxt silinmədiyini, müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən AXC-nin tədqiqi, onun ideyalarının təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.

Samir Abbasov jurnalda Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olduqca maraqlı materialların, faktların yer aldığını, habelə Özbəkistanda Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrin, tədbirlərin, müsabiqələrin öz əksini tapdığını söyləyib.

“Mədəniyyət.Az” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva Azərbaycan Respublikasının 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar jurnalın Cümhuriyyətimizə dair xüsusi buraxılışının hazırlanması barədə öz fikirlərini bildirib, bu dövrdə qazanılan uğurların jurnalda öz əksini tapdığını qeyd edib. O, bu istiqamətdə Özbəkistan ictimaiyyətinin maarifləndirilməsi, habelə xalqımızın istiqlal ideyaları, dövlətçilik ənənələri sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya çatdırılmasının olduqca vacib məsələlərdən olduğunu vurğulayıb.

Tanınmış özbək alim-tərcüməçi Babaxan Şərif Azərbaycan Xalq Cümhuriyyətinin xalqın istiqlal tarixinin ən şanlı səhifəsi olduğunu qeyd edərək, bu dövlətin varisi olan müstəqil Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutduğun və böyük nailiyyətlər əldə etdiyini söyləyib.

Özbəkistanda yaşayan azərbaycanlı alim, Beynəlxalq Akademiyanın həqiqi üzvü Almaz Məcidova dünya azərbaycanlılarının qüruru olan Azərbaycanın zəngin dövlətçilik tarixi olduğunu qeyd edib, xalqımızın qəlbində uzun illər yaşatdığı istiqlal ideyalarının gerçəkləşdirdiyini vurğulayıb. O, bu gün Azərbaycan və Özbəkistanın dünya dövlətləri arasında öz çəkisinin olduğunu, öz dəyərlərini, tarixini, mədəniyyətini yaşatdığını və inkişaf etdirdiyini bildirib.

Tədbirdə filologiya elmləri üzrə fəlsəfə doktoru Gülnaz Səttarova, Özbəkistan Yazıçılar Birliyinin bölmə müdiri Risalət Muradova və başqaları hər bir millət üçün istiqlaliyyətin qazanılmasının çətin və ağrılı olduğunu qeyd edərək, əldə olunan müstəqilliyin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini söyləyiblər.

Sonda Azərbaycan Xalq Cümhuriyyəti irsinin təbliği və Özbəkistan ictimaiyyətinə çatdırılmasında xidməti olan bir sıra şəxslərə Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomları təqdim edilib.

 

138.6 KB

 

69.6 KB

 

133.4 KB