Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümumdünya Kitabxana və Məlumat Konqresinin 85-ci İFLA Baş Konfransında ölkəmiz də təmsil olunur

27.08.2019

Kitabxana Assosiasiyaları və İnstitutlarının Beynəlxalq Federasiyası (İFLA), Yunan Kitabxanaçılar və İnformasiya Alimləri Assosiasiyası ilə Yunanıstan Milli Kitabxanasından ibarət milli komitə tərəfindən Afina şəhərində illik Ümumdünya Kitabxana və Məlumat Konqresinin 85-ci İFLA Baş Konfransı və Assambleyası təşkil olunub.

Konqresdə açıq sessiyalar, plenar iclaslar, seminarlar, kitabxana materiallarının, audiovizual avadanlıqların və kompüter sistemlərinin sərgiləri təşkil edilib. Konqresə 140 ölkədən 3636 nümayəndə qatılıb.

Avqustun 25-də Meqaron Afina Beynəlxalq Konfrans Mərkəzində "Kitabxanalar: dəyişiklik naminə dialoq" mövzusunda İFLA konfransının açılış mərasimi olub. Əvvəlcə Milli Komitənin həmsədrləri, Yunan Kitabxanaçılar və İnformatiklər Assosiasiyasının prezidenti Aleksandra Papazoglu və Yunanıstan Milli Kitabxanasının baş direktoru Filippos Tsimpoglu konfrans iştirakçılarını salamlayıb.

Tədbiri İFLA prezidenti Qloriya Perez-Salmeron açılış nitqi ilə rəsmi şəkildə açıq elan edib. Tədbirdə, həmçinin İFLA Baş Katibi Gerald Leytner və Afina Universitetinin Əməkdar professoru Lukas Tsoukalis də çıxış etmişlər.

Ölkəmizi konqresdə Azərbaycan Milli Kitabxanasını direktor müavini Ədibə İsmayılova təmsil edir. Ədibə İsmayılova İFLA Biblioqrafiya bölməsinin Daimi Komitəsinə 2019-2023-cü il müddəti üçün üzv seçilib. O, avqustun 24-də ilk Daimi Komitə iclasında-Daimi Komitə sədri seçmə, eləcə də konfrans ərəfəsində Daimi Komitə tərəfindən təşkil edilmiş Biblioqrafiya Seminarında, Kataloqlaşdırma bölməsində olan açıq iclaslarda, Metadata hesabat sessiyasında iştirak edib. Direktor müavini, həmçinin İFLA çərçivəsində MDB Ölkələri Kitabxanalarının nümayəndələrinin illik regional görüşündə iştirak etmişdir.

85-ci İFLA Baş Konfransı ərzində Ədibə İsmayılova Argentina Respublikası Mariano Moreno Milli Kitabxanasının direktoru Elsa Barberlə görüşüb. Görüşdə gələcək əməkdaşlıq üçün Azərbaycan Milli Kitabxanası ilə Argentina Milli Kitabxanası arasında imzalanacaq Qarşılıqlı Anlaşma Memorandumunun mövzusu müzakirə edilib. Xanım Elsa Barber Milli Kitabxananın rəhbərliyi adından sentyabrın 27-dən 29-dək Azərbaycan Milli Kitabxanasında keçiriləcək "Milli Kitabxanalar Mobil İnformasiya Mərkəzi kimi" adlı Beynəlxalq konfransa dəvət edilib.

Yunanıstanın Afina şəhərində keçirilən 85-ci İFLA Baş Konfransı sentyabrın 30-dək işini davam etdirəcək.

 

101.2 KB

 

137.3 KB

 

65.8 KB