Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə tarixi abidələri ilə zəngindir

29.08.2019

Bərdə Azərbaycanın qədim tarixə malik olan gözəl diyarıdır. 3000 illik tarixinin 500 ilində paytaxt statusuna malik olan Bərdə çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. Rayon ərazisindəki tarixi abidələr yerli və xarici turistlərin böyük marağına səbəb olur.

Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayona gələn turistlərin sayı ilbəil artmaqdadır. Turistlərin çoxu MDB ölkələrindən gəlir. Bundan əlavə ərəb ölkələrindən, İrandan gələn turistlər də az deyil. Hindistan, İngiltərə, Fransa, Almaniya, ABŞ kimi ölkələrdən olan turistlər də Bərdəyə səyahət edirlər. Bərdəyə gələn turistlər daha çox tarixi məkanları maraq göstərirlər. 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Şirvanlı kəndində yerləşən XVIII-XIX əsrlərə aid hamam, Cümə məscidi (XIX-XX əsrlər) və digər abidələr Bərdənin qonaqlarında yüksək təəssüratlar yaradır.

Rayonda turistlərin ən çox maraq göstərdiyi məkanlardan biri də Tarix Diyarşünaslıq Muzeyidir. Burada Bərdənin tarixini, mədəniyyətini əks etdirən 2200-dən çox eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb.

Turistlər, həmçinin qədim Bərdənin müasir inkişafının, aparılan geniş quruculuq işlərinin şahidi olurlar. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri sayəsində Bərdə gündən-günə daha da gözəlləşir. Son illər şəhərdə ucaldılan Heydər Əliyev Mərkəzi, Musiqi və İncəsənət məktəblərinin binaları, Heydər Əliyev adına Park Bulvar, Qəhrəmanlar Parkı, Bayraq Meydanı onun hüsnünə yeni naxışlar əlavə edib.

Bərdə şəhərinin park bulvar ərazisində keçirilən mövsümi yay konsertləri yerli və xarici turistlərin zövqünü oxşayır. Turistlərə Bərdə Turizm İnformasiya Mərkəzi tərəfindən çap olunmuş broşürlər və məlumat kartları, şəhərin xəritəsi təqdim edilir. Mərkəz tərəfindən bölgənin turizm potensialını özündə əks etdirən müxtəlif sərgilər təşkil olunur.

 

354.5 KB

 

474.9 KB

 

390.3 KB