Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər MKS – nin Nəmərli kənd kitabxana filialı İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə “Nəsiminin poeziya dünyası” adlı söhbət təşkil edib

12.09.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Yevlax şəhər  MKS – nin Nəmərli kənd kitabxana filialı Azərbaycan  klassik  əsəbiyyatının görkəmli  nümayəndəsi  İmadəddin Nəsiminin 650 illiyi  münasibəti  ilə “Nəsiminin poeziya dünyası” adlı söhbət təşkil edib.  

Tədbirdə Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikrində dərin iz qoyan, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutan dahi şairin həyat və yaradıcılığından, ümumbəşəri fikirlərindən söz açılıb. Bildirilib ki, XIV-XV əsrlər türkdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığında təsəvvüf ideyaları bütöv bir konsepsiya təşkil edir. Digər klassik şairlərimizdən fərqli olaraq Nəsimi bilavasitə fəlsəfi təlim zəminində yetişmiş və onun şeirlərindəki fəlsəfi ideyaların əsasında hürufilik dayanıb. Nəsimi insanların qəlbini, onların mənəvi dünyasını misilsiz ustalıqla bədii-fəlsəfi araşdırmadan keçirmiş, nəticədə, insanı kainatın ən kamil varlığı kimi ulu Yaradanın mahiyyətinə yaxınlaşdıraraq təlimin poetik formulunu yaradıb.

Sonda vurğulanıb ki, Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi haqqında Sərəncamı dahi şairin həyat və yaradıcılığına dair yeni tədqiqatlar aparılması ilə yanaşı, onun əsərlərinə yeni rakursdan da baxmağa imkanlar yaradır. Nəsimi humanizmi yüksək istedadlı, təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan böyük bir şairin humanizmidir.

 

234.1 KB

 

203.8 KB