Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Beş dövrün beş paytaxtı” adlı turizm marşrut üzə infotur davam edir.

04.07.2017

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "A la Carte Travel" turizm şirkətinin təşkilatçılığı ilə keçirilən "Beş dövrün beş paytaxtı” adlı turizm marşrutu üzrə infotur iyulun 3-də də davam edib. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin nümayəndələri iştirak edir.

 

İnfoturun ikinci günündə iştirakçılar Qafqaz Albaniyasının paytaxtları olmuş Bərdə və Qəbələ şəhərlərinə səfər ediblər.

 

İlk olaraq "Qafqaz Albaniyasının ikinci paytaxtı - Bərdə" adlı proqram üzrə ekskursiya təşkil olunub. Bərdənin tarixi və müasir həyatı ilə tanışlıq reallaşıb. Bərdə Tarix-Diyarşünaslıq Muzeyində şəhərini tarixi və şəhər təsərrüfatının yaranması, əhalinin məşğuliyyəti, tarixən buraya yadellilərin basqınları haqqında geniş məlumat verilib. İnfotur iştirakçıları daha sonra Bərdə türbəsi, İmamzadə ziyarətgahı və Bəhmən Mirzə türbəsində olublar. Burada həmin memarlıq abidələrinin yaranması və qorunub saxlanılması haqqında məlumat verilib.

 

İnfotur iştirakçıları daha sonra uzun müddət Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhərinə gəliblər. İlk olaraq burada qədim Qəbələ şəhərinin qalıqları üzərində yaradılan Qəbələ Dövlət tarix-bədii qoruğu ilə tanışlıq olub. Məlumat verilib ki, rayonun zəngin tarixi-mədəni irsi var. Çuxur Qəbələ kəndi ərazisində yerləşən qoruqdakı abidələr ziyarətçilər tərəfindən maraqla qarşılanır. İnfotur nümayəndələri buradakı Qəbələ Arxeoloji Mərkəzində saxlanılan eksponatlarla tanış olublar.

 

Bildirilib ki, son illər Azərbaycan alimlərinin koreyalı mütəxəssislərlə birgə apardıqlarıarxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan yeni eksponatlar Arxeoloji mərkəzdə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda bərpa olunur.

 

Daha sonra rayonun Nic kəndində Cotari Alban kilsəsinə baş çəkilib. Bu tarixi tikili Nic qəsəbəsində ən əhəmiyyətli abidələrdən biridir. Alban-udin kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından hesab edilir.

 

İnfotur iştirakçıları daha sonra marşrut üzərində yerləşən İsmayıllı rayonunun turizm potensilalı ilə tanış olublar. Şəhər Mədəniyyət mərkəzinin ərazisində təşkil olunan “Turist bazarı” ilə tanışlıq zamanı bildirilib ki, burada köşklər, konsert səhnəsi, turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhə, misgərlər, xalçaçılar, kəlağayı ustaları, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini nümayiş etdirirlər.

 

Qeyd edək ki, "Beş dövrün beş paytaxtı” adlı turizm marşrutu tarixin müxtəlif dövrlərində Azərbaycanda yaranmış dövlətlərin paytaxtı olmuş şəhərləri əhatə edir. Bu marşruta Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərləri daxildir.

İnfoturun üçüncü günü Şamaxı və Bakı şəhərləri ilə tanışlıq həyata keçiriləcək.

Infootur iyulun 4-də Bakı şəhərinə təşkil olunacaq ekskursiya ilə başa çatacaq. 

 

 

75.2 KB