Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Tariximiz keçmişdən gələcəyə”

16.04.2019

Aprelin 18-i dünyada “Beynəlxalq abidələr və tarixi yerlər”  günü kimi qeyd olunur.
Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.
            Dünya xalqlarının keçmişi, həyat tərzi onun tarixi abidələrində və yerlərində təcəssüm olunur. Nələrsə bu günümüzə bütöv gəlib çatıb, nələrdənsə xarabalıqlar qalıb, nələrsə öz izini yalnız nağıllarda, əfsanələrdə saxlayıb. Bunun da təbii fəlakətlər, müharibələr, “bərpa” adı altında məqsədli dəyişmələr, dağıdılma və nəhayət, zaman kimi səbəbləri var.

            Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticəsində Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.
            Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
            İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

            Hər bir xalq öz tarixi keçmişi ilə tanınır. Tarixi vərəqlədikcə xalqımızın necə bir ulu xalq olduğunu görüb fərəhlənir, mədəniyyətimizin çox böyük dövrləri əhatə etdiyinin şahidi oluruq. Qürur hissi ilə qeyd etməliyik ki, dünyanın nəhəng ölkələri ilə müqayisədə ərazimiz nə qədər kiçik olsada zəngin mədəniyyətimiz daim diqqət mərkəzində olmuşdur.
            Azərbaycanın ilkin yaşayış yerlərindən, qədim mədəniyyət mərkəzlərindən biri də tarixin özü qədər qocaman Bərdə şəhəridir. O Bərdə ki, 500 il ölkənin baş şəhəri, paytaxtı olmuşdur. O Bərdə ki, adı şərqin ulu və möhtəşəm şəhərləri ilə bir sırada çəkilərək Reylə, Bağdadla müqayisə olunmuşdur.
            Dəfələrlə yadellilərin hücumlarına məruz qalmasına baxmayaraq Bərdə şəhərinin tarixi, mədəniyyət abidələri bu günümüzə qədər gəlib çatmışdır.

Sözü gedən əlamətdar gün Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə rayon nümayəndəliyində geniş şəkildə qeyd edilib.

1322-ci ilə dövrünün məhşur memarı Əhməd İbn Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa edilmiş və ölkə prezidentinin müvafiq sərəncamı ilə yenidən əvvəlki görkəminə qaytarılmış məhşur “Allah-Allah” türbəsində keçirilən tədbirdə əlamətdar gündən, şəhərin zəngin tarixə malik olmasından geniş söz açılıb, konsert proqramı təşkil edilib.

 “Tariximiz keçmişdən gələcəyə” devizi altında keçirilən tədbir Bərdə şəhər 4 və 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin açıq havada çəkdikləri rəsm əsərlərinin sərgisi ilə başlanıb. 

Tədbiri giriş sözu ilə Mədəniyyət Mərkəzinin Direktoru Gülbəs Məmmədova açaraq Bərdə rayonunda olan tarixi abidələr haqqında ətraflı məlumat verib, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Bərdə türbəsinin yenidən bərpa olunmasından, 2018-ci ilin mart ayında Prezidentin Bərdəyə səfəri zamanı türbədə olaraq aparılmış təmir-bərpa prosesi ilə yaxından tanış olmasından bəhs edib.

Çıxış edən Bərdə Turizm İnformasiya mərkəzinin mütəxəssisi  Tariyel Məmməli rayonda və regionda yerləşən zəngin tarixi abidələrin turizm potensialının inkişafındada danılmaz rolu olduğunu qeyd edib. Sonda isə o, babalarımızdan bizə miras qalan bu tarixi abidələri, dünənimizdən bu günümüzə işıq salan bu sənət incilərini qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə çatdırmağın hər birimizin vətəndaşlıq borcu olmasını vurğulayıb.

Daha sonra çıxış edən Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunmasi, inkişafı ve bərpası üzrə Dövlət Xidmətinin Bərdə rayon üzrə abidə mühafizəçisi Sevinc Məmmədova  isə keçmişimizi unutmamağa və zəngin tariximizi təbliğ etməyə səsləyib.

Tədbir sonda Bərdə rayon Mədəniyyət Mərkəzinin və şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin təşkil etdiyi konsert proqramı ilə davam edib. 

 

2.2 MB

 

2 MB

 

2 MB