Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi silsilə tədbirlər təşkil edib

10.03.2017

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olunur. Hər il qeyd olunan bu bayram qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bir bayrama çevrilmişdir. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi də bu ənənəyə sadiq qalaraq “8 mart Beynəlxalq Qadınlar Günü” nü silsilə tədbirlərlə qeyd edib. Belə ki, Regional İdarənin tabeliyində olan bütün müəssisələrdə bayram tədbirləri təşkil olunaraq mədəniyyət sahəsində çalışan xanım əməkdaşlara bayram hədiyyələri təqdim edilib.


Regional İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan mədəniyyət müəssisələrində təşkil olunan bayram tədbirlərində qadınların bugünkü siyasi, iqtisadi və mədəni həyatda rolundan geniş şəkildə söz açılıb. Təşkil olunan bayram tədbirlərindən biri Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına sarayda keçirildi. Yevlax şəhər Mədəniyyət Mərkəzi və onun filialları olan şəhər Yaradıcılıq evi, və eyni zamanda bir necə şəhər klublarının iştirakı ilə keçirilən “Analı dünyam”adlı tədbirində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhəri üzrə nümayəndəsi, baş məsləhətçi Rafiq Məmmədov, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev və bir neçə natiqlər çıxış edərək xanımları təbrik etdilər. Daha sonra Yevlax şəhər Mədəniyyət işçiləri Həmkarlar Komitəsinin sədri Zöhrə Adgözəlova çıxış edərək Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən 15 nəfər fəal xanıma dəyərli hədiyyələr təqdim etdi. Bəşir Səfəroğlu adına xalq teatrının aktyorları,”Vahid” Meyxana birliyinin üzvləri rəngarəng proqramlarla xanımlara ədəbi-bədii musiqili bir gün yaşatdılar.


8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil olunmuş növbəti tədbir Yevlax şəhər Mədəniyyət Mərkəzində baş tutdu. “Adın şərəflidir sənin ey qadın” adlı tədbirdə Mədəniyyət Mərkəzi, Mərkəzi Kitabxana Sistemi və eyni zamanda onların nəzdində fəaliyyət göstərən filiallarının ən nümunəvi işçiləri iştirak edirdi. Tədbiri giriş sözü ilə Yevlax şəhər Mədəniyyət işçiləri Həmkarlar komitəsinin sədri Zöhrə Adgözəlova açdı. Zöhrə xanım tədbir iştirakçılarını salamlayaraq iştirak edən xanımları səmimi qəlbdən təbrik etdi. Daha sonra çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhəri üzrə nümayəndəsi Rafiq Məmmədov, Mədəniyyət Mərkəzinin direktoru Respublikanın Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev və digər natiqlər çıxış edərək Mədəniyyətimizin inkişafında böyük xidmətləri olan başda Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün xanımlara ürək dolusu bayram təbrikləri söylədilər. Sonda əlli nəfər qabaqcıl xanıma bayram hədiyyələri təqdim edildi.


Regional İdarənin Bərdə rayon nümayəndəliyində də 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər təşkil olundu. Tədbirlərdə Ümummilli lider Heydər Əliyevin qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşılmasından geniş söz açılıb. Həmçinin qeyd olunub ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. Bu ənənələrə sadiq qalan Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına önəm verməsi də xüsusi ilə vurğulanıb.Çıxışlarda həmçinin, Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri diqqətə çatdırılıb. Daha sonra mədəniyyətimizin tərənnüm və inkişafında xidmətlərinə görə bir qrup mədəniyyət sahəsində çalışan xanımlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyində 8 mart Beynəlxalq Qadınlar Günü geniş şəkildə qeyd olundu. Təşkil olunan bayram tədbirlərində qadınların cəmiyyətdəki rolundan geniş söz açılıb. Son olaraq mədəniyyət sahəsində çalışan xanımlar dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Regional İdarənin Tərtər rayon nümayəndəliyində baş tutan tədbirlərdə Azərbaycan qadınının rəşadətindən, onların əzimkarlıqlarından və vətənpərvərlik hisslərindən söz açılıb. Qeyd olunub ki, lazım gələrsə nəyinki Tərtər, həmçinin bütün Azərbaycan xanımları bir nəfər kimi vətən torpaqlarının azad olsunmasında birləşməyə hazırdır. Sonda əhali arasında mədəni xidmətlərin təşkilinə və səmərəli fəaliyyətlərinə görə bir qrup mədəniyyət işçiləri dəyərli hədiyyələrlə təltif olundu. 

 

28.1 KB