Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Mingəçevir

Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Sənaye istehsalı şəhər iqtisadiyyatının mühüm sahəsindən biridir. Bu sahənin fəaliyyəti sabitliyin və sosial inkişafın əsas göstəricisidir. Məşğul əhalinin əsas hissəsi energetika, elektrotexnika, kimya, maşınqayırma sahələrində çalışır.

1981-ci ildə istifadəyə verilmiş "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC hazırda Mingəçevirin və ölkənin ən iri enerji istehsalı müəssisəsidir. Stansiyanın layihə gücü 2640 Meqavattdır. (2640000 kilovatt/saat). Orta illik məhsul istehsalının həcmi 9 milyard kvt/saat. Stansiyada 966 nəfər işçi çalışır.
Mingəçevirin yaranmasının əsas səbəbkarı "Mingəçevir Su Elektrik Stansiyası silsiləsi" MMC-nin tikintisi 1955-ci ildə tam başa çatmışdır. Stansiyanın hazırkı gücü 400 meqavatt (400000 kilovatt/saat), orta illik məhsul istehsalı həcmi 1.2 milyard kilovatt/saat. Stansiyada 107 nəfər işçi çalışır.
"Kür" Elektron Avadanlıqları İstehsalı" MMC. Müəssisə 2005-ci ildən fəaliyyət göstərir. Kompüter avadanlıqları istehsalı sahəsində ixtisaslaşmışdır. Tam gücü ilə işlədikdə 7 milyon manatlıq məhsul istehsal etmək imkanı var. Müəssisədə 110 nəfər işçi çalışır.
"İnterenerji" Elektrik beton dayaqları istehsalı MMC. 12 hektar sahədə yerləşən müəssisə 2005-ci ildən fəaliyyətə başlamışdır. Əsas istehsalı müxtəlif gərginlikli elektrik xətləri üçün beton dayaqları məhsullarıdır. Müəssisədə 200 nəfər işçi çalışır.
"Mingəçevir İzolit" ASC. Müəssisə 1963-cü ildən fəaliyyət göstərir. Şüşə-plastik və polietilen borular istehsalı sahəsində ixtisaslaşmışdır. Tam gücü ilə işlədikdə 30 milyon manatlıq məhsul istehsal etmək imkanı var. Müəssisədə 300 nəfər işçi çalışır.
"Azneftmaş"ASC. Müəssisənin əsası 1953-cü ildə qoyulub, fəaliyyətə 1956-cı ildə başlayıb. Müxtəlif maşınqayırma və neft avadanlıqları hissələri istehsal edir. Tam gücü ilə işlədikdə 20 milyon manatlıq məhsul istehsal edir. Müəssisədə 600 nəfər işçi çalışır.
"Akkord" Mingəçevir Maşınqayırma zavodu" metal konstruksiyalar istehsal edir. 10 milyon manatlıq məhsul istehsal edə bilər. Müəssisədə 223 nəfər işçi çalışır.

2012-ci ilin altı ayı ərzində şəhərin əsas göstəriciləri aşağıdakı kimidir: məhsul istehsalı 51,4% artaraq 172,9 mln. manat, əhaliyyə göstərilən pullu xidmətlərin həcmi 12,8% artaraq 22,0 mln. man, rabitə xidmətinin həcmi 4,4 % artaraq 0.6 mln. manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 65,1% azalaraq 48,2 mln. manat, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 1,5 dəfə artaraq 47,5 mln. manat, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 3,6 mln. manat, pərakəndə əmtəə dövriyyəsi 6,6% artaraq 95,5 mln. manat təşkil etmişdir.
Orta aylıq əmək haqqı 10,1% artaraq 262,0 man, o cümlədən sənayedə çalışanların orta aylıq əmək haqqı 2,6% azalaraq 316,4 manat təşkil etmişdir. Cari ilin 6 ayı ərzində şəhər ərazisində 334 yeni iş yerləri yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması şəhərin iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamları verilir.